Aprelin 8-9-da şose velosipedi üzrə Azərbaycan kubokunun üçüncü mərhələsi keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Xızı rayonunda (Bakı – Giləzi – Xızı – Altıağac yolu) baş tutan yarışın hər iki günü idmançılar qrup ötüşməsində mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar ilk yarış günü 80 km, ikinci yarış günü 100 km, yeniyetmə oğlanlar və qadınlar isə birinci yarış günü 40 km, ikinci yarış günü 30 km məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 45 velosipedçi iştirak edib.
Aprelin 8-də baş tutan mübarizədə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Kamran Mirzəxanov (Sərhədçi, 01:59:50), yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 01:09:06), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM, 01:09:49) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüblər.
Aprelin 9-da keçirilən yarışda isə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Şahin Eyvazov (ROEQİUGVM, 02:48:11), yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov (Təhsil RİM, 01:04:00), qadınlar arasında isə yenidən Viktoriya Sidorenko (ROEQİUGVM, 01:13:12) hamıdan yaxşı nəticə göstərərək qızıl medal qazanıblar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.