Bu gün Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə federasiyanın iki gün öncə istefa vermiş prezidenti Elçin Əliyev hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub.
Səsvermə nəticəsində “FF Group” Şirkətinin təsisçisi Fərid Fərhadzadə Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib. Fəxri Əkbərov və Adilə Süleymanova federasiya İdarə Heyətinə yeni üzv təyin olunublar.
Qeyd edək ki, F.Fərhadzadə 2022-ci ildə İtaliyada keçirilmiş beynəlxalq yarışda uğurla çıxış edərək "Dəmir adam" (“Full İronman”) titulunu qazanıb. Yeni seçilmiş federasiya prezidenti çıxış edərək bildirib ki, bundan sonra bu idman növünün inkişafı üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.