Azərbaycanın U-19 futzal millisinin baş məşqçisi Ağatahir Əzimov Avropa çempionatının əsas mərhələsində komandaya rəhbərlik edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Əzimovun səhhətində problemlər yaranıb. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı AÇ-nin oyunlarına U-17 yığmamızın çalışdırıcısı İlqar Aslanov çıxaracaq.

Hazırda təlim-məşq toplanışı keçirən U-19 millimizin hazırlıq prosesinə də İlqar Aslanov rəhbərlik edir.

Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun oyunları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.