“Əvvəlcədən də demişdim ki, hazırlıq üçün vaxtımız az oldu. Bu da FİFA-nın təyin etdiyi vaxtla əlaqədardı. Bügünkü oyun həm də Polşa ilə matça hazırlıq xarakteri daşıyırdı. Afinadakı oyunla müqayisədə Bakıda qapımızdan 2 qol buraxdıq. Bu da etdiyimiz səhvlərdən qaynaqlanırdı".
Offsideplus.az xəbər verir ki, bu sözləri futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla oyundan (5:2) sonra keçirilən mətbuat konfransında deyib.
"Elit-raunda vəsiqəni təmin etsək də, bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır. Biz növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik. Eyni zamanda, reytinq xallarımızı artırmalıyıq" - deyə o bildirib.
Mütəxəssis Xətai Bağırovun zədələndiyi epizodu görmədiyini vurğulayıb: "Durumu haqda da indi bir söz deyə bilmərəm. Həkim müayinə edəcək, ondan sonra bizə məlumat verəcək. Ümid edirik ki, ciddi olmayacaq və səfərə tam heyətlə yollanacağıq”.