Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatının finalında məğlub olan Vüqar Əsədli yarışla bağlı fikirlərini bildirib. 

Offsideplus.az xəbər verir ki, Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında o, ilk öncə öz oyunu  haqda danışıb:

“Bu nəticəni gözləmirdim. Çünki hazırda hərbi xidmətdəyəm. Yarışa xüsusi hazırlığım olmayıb. Ölkə çempionatında iştirakla bağlı icazə almışam və yarışdan əvvəl ikinci yeri tutacağımı düşünmürdüm. Karyeramda ilk dəfə ölkə çempionatında gümüş medal qazandım”.

Vüqar Əsədli finalda gərgin mübarizənin getdiyini vurğulayıb:

“Psixoloji olaraq çətin oldu. Finalda klassik oyunda ilk görüşdə qələbə qazandım. Amma uğurun davamını gətirmək alınmadı. Psixoloji olaraq sona qədər səhvsiz oynamaq alınmadı. Oyun baxımından Azərbaycan çempionu olmağa gücüm var idi. Sadəcə hər zaman şahmatda mübarizə istədiyimiz kimi olmur”.

Finalda məğlub olan Əsədli yeniyetmə şahmatçıların çıxışının onu təəccübləndirdiyini qeyd edib:

“Çempionatda gənclərin oyunu məni təəccübləndirdi. Xüsusilə az yaşlıların oyununu fərqləndirmək istərdim. Variantları çox yaxşı bilirlər. Maraqlı gedişlər oynadılar. Ona görə rəqabətin az olmadığını deməliyəm”.