Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) erməni idmançıların mütəmadi separatçığı dəstəkləyən addımları ilə bağlı bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, bəyanatda deyilir:

“Ey idman, sən sülhsən!” – bu sözlər müasir Olimpiya hərəkatının banisi Baron Pyer de Kubertenə məxsusdur.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası fəaliyyəti dövründə həmişə bu prinsipə sadiq qalıb. Təşkilat ötən il ölkənin aparıcı təhsil ocaqlarında “İdman və sülh” layihəsi çərçivəsində uğurlu tədbirlər həyata keçirdi, son vaxtlar dünyanı bürüyən müharibələr fonunda Azərbaycan uşaqlarının dili ilə bəşəriyyətə sülh çağırışları etdi.

AİJA bu addımlarla Azərbaycan dövlətinin və xalqının ümumbəşəri dəyərlərə sadiqliyinin, gənc nəslin sağlam və sülh ruhunda formalaşması istiqamətində görülən işlərin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.

Beynəlxalq hüquqla tanınmış ərazilərinin bir hissəsinin hələ də erməni separatçılarının nəzarətində olmasına baxmayaraq, Azərbaycan sülhə sadiqliyini əməli fəaliyyəti ilə sübut edir, münaqişənin dinc yolla həllinə çalışır.

Təəssüf ki, Ermənistan və başqa ölkələrin bayrağı altında çıxış edən erməni əsilli idmançılar davamlı olaraq idmanın təməl prinsiplərini kobud surətdə pozaraq sülhü deyil, seperatizmi, düşmənçiliyi dəstəkləyir, nifrət hissi yayırlar.

Erməni futbolçu Henrix Mxitaryan illərdir idmançının sülh carçısı obrazına xəyanət edərək açıq-aşkar separatçı mövqe sərgiləyir.

Onun müxtəlif vasitələrlə davamlı olaraq BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycan ərazilərini Ermənistan ərazisi kimi göstərməsi idmanın siyasi məqsədlərdə sui-istismar edilməsinə qarşı idman ictimayyətinin səssizliyinin nəticəsidir. Bu səssizlik və cəzasızlıq digərlərində də idmanın siyasi məqsədlərlə istifadə edilməsi kimi mənfi tendensiyanın inkişfına, idmanın seperatizm hallarının legitimləşdirilməsi məqsədi üçün alət edilməsinə gətirib çıxarır.

Erməni əsilli digər idmançı, rusiyalı tennisçi Karen Xaçanovun da hazırda davam edən nüfuzlu “Australian Open” turnirində çəkiliş kamerasına qələbə şərhi yazmaq ənənəsindən sui-istifadə edərək təxribat xarakterli yazı yazması məhz bu cəzasızlığın nəticəsidir.

Xaçanov öz xalqının maraqları çərçivəsində yayılan dezinformasiyalara dəstək nümayiş etdirməklə xoş niyyətli idman ənənəsini siyasiləşdirib.

Azərbaycan tərəfi dərhal beynəlxalq qurumlara, Rusiyanın müvafiq idman federasiyasına etiraz müraciətləri edib, amma idman və sülh prinsiplərinə ciddi xələl gətirən Karen Xaçanovun hərəkəti yalnız nəzarətə götürülüb.

Sülh, ədalət, qarşılıqlı hörmət kimi ali dəyərlər tək idmançılara deyil, həm də idman qurumlarına, onların rəhbərlərinə, bütünlüklə idman ictimayyətinə aiddir.

AİJA belə maraqlar çərçivəsində idman ənənələrinin istismarı və siyasi təxribatların idman meydançalarına ayaq açmasından ciddi narahatlığını ifadə edərək, idman ictimayyətini təməlində sülh, ədalət prinsipləri dayanan idman ənənələrinin siyasiləşdirmək cəhdlərinə səssiz qalmamağa çağırır”.