Türkiyənin Adıyaman şəhərində avarçəkmə marafonu keçirilib. 

Offsideplus.az xəbər verir ki, “Commagene Rowing Marathon” adı altında keçirilən turnirdə təşkilatçı ölkə Türkiyə komandası ilə yanaşı Moldova, Malta və Azərbaycan idmançıları iştirak edib.

Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri idmançı akademik avarçəkmə qayığında 42 km məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib və qızıl medal qazanıb.

Yarışda yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb, lakin o, medalçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 km məsafələrdə yarışıb.