Çimərlik futbolu üzrə Azərbaycan milli komandası tarixi uğura imza ataraq gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək üçüncü Avropa Oyunlarına vəsiqə qazanıb.

 Offsideplus.az xəbər verir ki, dünən Polşa millisi ilə qarşılaşan seçməmiz 6:2 hesabıyla qalib gələrək vaxtından əvvəl sözügedən yarışda iştirak etmək hüququna yiyələnib.

Bu nəticə ilə bağlı təəssüratlarını öyrənmək üçün komandanın baş məşqçisi Zeynal Zeynalovla danışdıq. Mütəxəssis bunun Azərbaycan çimərlik futbolu tarixində bir ilk olduğunu qeyd etdi:

"Bu, çimərlik futbolu üçün böyük nəticədir, tarixdir. Bir ilkə imza atmışıq. Bununla yanaşı Avropada ilk "6-lığ"a da düşdük. Bu da Azərbaycan çimərlik futbolu üçün bir ilkdir. İndiyədək ölkə çimərlik futbolunun tarixində belə bir şey olmamışdı".

Zeynalov buna qədər baş tutan oyunların hər birinin onlarçün çətin keçdiyini söylədi:

"Bunadək keçirdiyimiz bütün oyunlar çətin olub. Dünən Polşa yığması üzərində qazandığımız qələbə ilə 2023-cü ildə keçiriləcək Avropa Oyunlarına vəsiqəni vaxtından əvvəl təmin etdik. Futbolçularıma təşəkkür edirəm ki, bu matça sonuncu oyun kimi çıxdılar, xarakter göstərdilər və nəticədə uğura imza atdıq. Hər biri ilə qürur duyuram. Bundan sonra da əlimizdən gələni edəcək, Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq".

Daşqın Əziz