Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş təşkil olunub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Zemfira Meftəhəddinova, ADBTİA-nın rektoru Fuad Hacıyev iştirak ediblər. Nazir Fərid Qayıbov idman ictimaiyyəti nümayəndələrini 5 – Mart Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində salamlayıb və görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, Tokio Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin və nəticələrinin təhlili ilə bağlı hesabat təqdim edilib, 2024-cü ildə Parisdə keçiriləcək Yay olimpiya oyunlarına hazırlıq planları ilə bağlı sorğunun nəticələri açıqlanıb. Görüşdə həmçinin nazirliyin federasiyalar üçün nəzərdə tutulmuş inkişaf vasitələri, federasiyaların akkreditasiyası prosesi, idmançıların reytinq əmsalının hesablanması qaydaları, idmançıların təhsili ilə bağlı məsələlər, maliyyə məsələləri, media ilə bağlı məsələlər, digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri səsləndirilib.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, gənclər və idman naziri Fərid Qayıbov ötən il uğur qazanmış bir qrup idmançıya yeni mənzillərin orderlərini təqdim edib.
Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə fəxri adlara layiq görülmüş bir sıra idmançılara və idman mütəxəssislərinə həmin fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib.