Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Offsideplus.az-a verilən məlumata görə, Azərbaycan idmançıları badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) idman növlərində mübarizə aparacaq.
Nümayəndə heyətinin şef-demisionu olimpiya çempionu, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovdur.
Kazana Azərbaycan nümayəndə heyəti əsasən, avqustun 30-dan etibarən yola düşəcək. İlk olaraq, boksçu və güləşçilərimiz səfərə çıxacaq. Digər növlər üzrə idmançılar sonrakı günlərdə Kazana yollanacaq. Komanda ölkəyə sentyabrın 13-də qayıdacaq.
Şef-demissionun müavini Aydın Məmmədov komandanın yerləşmə və digər məsələlərini yerində yoxlamaq üçün Kazana öncədən gedəcək.
Qeyd edək ki, I MDB Oyunları 4 - 11 sentyabrda təşkil olunacaq.