Açıq Ukrayna Kuboku yarışının 3-cü mərhələsinin qalibi Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü Samir Cəbrayılov olub.

Offsideplus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Cəbrayılov 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

136 km-dən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən təmsilçimiz növbəti gün 141 km məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub. 112 km-lik 3-cü və 20 km-lik 4-cü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçimiz bununla da ümumi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olaraq 1-ci yerə layiq görülüb.