Martın 2-də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi - ölkə ofisinin rəhbəri Hande Harmancı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının (ADBTİA) qonağı olub.
Offsideplus.az xəbər verir ki, ilk olaraq, xanım Hande Harmancı ADBTİA-da son illərdə həyata keçirilən islahatlarla, o cümlədən London Kollec Universiteti (UCL) ilə əməkdaşlıqda həkimlərin ixtisaslaşması üçün təsis edilmiş “İdman tibbi və reabilitasiya” ingilsdilli magistratura proqramı ilə tanış edilib.
Həmçinin xanım Harmancı hazırda İkinci Qarabağ Müharibəsinin 60-dək qazisinin reabilitasiyasının aparıldığı Elmi-tədris laboratoriyasını və müxtəlif layihələrin
həyata keçirildiyi Multimedia Mərkəzini ziyarət edib. Daha sonra xanım Hande Harmancı Akademiyanın rəhbərliyi ilə görüşüb. Görüşdə doktor Harmancı Azərbaycan Hökumətinin ÜST ilə razılaşması çərçivəsində Köməkçi Texnologiyalar (məs., təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) Sektorunun Gücləndirilməsi layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Köməkçi Texnologiyalar Sektorunun Gücləndirilməsi layihəsi prioritet köməkçi vasitələrin milli siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək göstərəcək. Layihə çərçivəsində keçiriləcək “Köməkçi texnologiyaların sürətli qiymətləndirməsi” sorğusu (rATA, rapid Assistive Technology Assessment survey) əhalinin köməkçi texnologiyalardan istifadəsi ilə
bağlı mövcud vəziyyəti qiymətləndirməyə imkan verəcək.
Xanım Hande Harmancı layihəyə göstərilən dəstəyə görə ADBTİA-ya təşəkkürünü bildirib. Belə ki, ölkədə ali təhsil müəssisəsi səviyyəsində daxili və xarici tədqiqat
layihələrinin ekspertizasını həyata keçirən yeganə etik komitə olan ADBTİA-nın Bioetika Komitəsi tərəfindən həmin layihəyə baxılıb və müsbət rəy verilib.
ADBTİA-nın dəstəyini, reabilitasiya sahəsində mütəxəssislər hazırlamasını və elmi işlər aparmasını nəzərə alaraq, xanım Hande Harmancı Akademiyanı layihənin
həyata keçirilməsində iştiraka dəvət edib. Söhbət zamanı Akademiyanın rektoru Fuad Hacıyev ÜST ilə əməkdaşlığın inkişafından məmnunluğun olduğunu və çox əhəmiyyətli olan layihəyə töhfə verməkdən qürur duyduğunu bildirib.
Görüşdə ÜST ilə ADBTİA arasında layihə üzrə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.