“İstefamı kimsə görməyəcək. Vəzifəmi tərk etmək fikrim yoxdur”.
Offsideplus.az xəbər verir ki, bunu FİDE prezidenti Kirsan İlyumjinov deyib.
FİDE-nin Prezident Şurası Minskdə keçirilmiş iclasında İlyumjinovun dərhal istefasını tələb edib. Onlar bu qərarını rusiyalı funksionerin ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısında yer alması və təşkilatın bu səbəbdən ciddi maliyyə çətinlikləri yaşaması ilə əlaqələndiriblər.
Qurum rəhbəri Rusiya mətbuatına hansısa maliyyə sıxıntıları yaşamadıqlarını da vurğulayıb: “2 ay əvvəl belə şayiələr yayıldı ki, İsveçrə bankındakı hesablarımız dondurulub. Onda da demişdim ki, bu, boş şeydi. Heç bir hesabımız dondurulmayıb. Fabiano Karuananın qələbəsi ilə bitən Berlindəki iddiaçılar turniri də daxil olmaqla, FİDE-nin bütün tədbirləri baş tutub. Karuana, Karyakin, Kramnik, bir sözlə hamıdan, o cümlədən hakimlərdən də mükafatlarını alıb və ya almadıqlarını soruşa bilərsiz. FİDE-nin vitse-prezidenti Georgios Makropulos da prezidentliyə namizədliyini irəli sürüb və buna görə də mənə qarşı kompaniya başlanılıb. Prezident Şurası isə heç nədən FİDE-nin Moskvadakı nümayəndəliyini bağlayıb. Hərçənd bu nümayəndəlik şahmatı məktəblərdə fəal şəkildə inkişaf etdirirdi. Bundan da itirən şahmat oldu”