Bu gün Gənclər və İdman Nazirliyinin balansında olan Hövsan və Abşeron Olimpiya İdman Kompleksləri rəsmən müvəqqəti modul tipli xəstəxanaya çevrilib.
Offsideplus.az xəbər verir ki, bununla bağlı nazir Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı həmin idman komplekslərinə baxış keçirib.
A.Rəhimov tədbir zamanı futbol klublarının, idmançıların narahatlığını TƏBİB-in rəhbərinə çatdırıb. O bildirib ki, avrokuboklarda hazırlaşan futbol klublarının, eləcə də insanların açıq havada idmanla məşğul olması üçün şərait yaradılması yaxşı olardı:
“Bildiyimiz kimi, açıq havada idman qurğularının fəaliyyəti avqustun 31-dək qapalıdır. Ancaq idmançıların bu fəaliyyətlə məşğul olması üçün qadağa qərarına yenidən baxılmasını, onların idmanla məşğul olmasına şəraitin yaradılmasının diqqətdə saxlanılmasını istərdik”.
Qeyd edək ki, mayın 29-da açıq havada idman yarışlarının keçirilməsinə icazə verilsə də, sonradan karantin sərtləşdirilib və bu icazə ləğv edilib.
Hazırda dörd futbol klubumuz – “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” bu ay UEFA bayrağı altında avrokubok oyunlarına çıxmalıdır. Lakin püşk nəticəsində bu komandalar oyunlarını evdə keçirməli olsalar, Bakı və ya Sumqayıtda bunu edə bilməyəcəklər. Səbəb Bakı və Sumqayıtın sərt karantin rejimi tətbiq olunan şəhərlər olmasıdır.(Oxu.az)