Azərbaycan millisinin sabiq üzvü, U-16 millisinin baş məşqçisi, Tovuz futbol məktəbinin yetirməsi olan Aqil Nəbiyev cəbhədə baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.

Peşəkar Futbol Liqasının rəsmi səhifəsinə istinadən həmin paylaşımı sizə təqdim edirik:

“Ayın 12-də, günortadan etibarən getdikcə çoxalan güllə səsləri eşidildi. Sonra bizə xəbər çatdı ki, atışma başlayıb. Belə halla ilk dəfə üzləşmirdik. 90-cı illərdən bəri bu səslə oyanıb, bu səslə yatmışıq. Məlumat gəldi ki, Ağdam kəndində gedir atışma və şəhidlərimiz var. Elə atışmanın ilk dəqiqələrindən Ağdama axın başladı. Postlar qurulmuşdu, bizi kəndə buraxmadılar, hamı kəndin girişində toplandı. Biz girişdən geri çəkilmədik, gözümüzün qarşısından hərbi maşınlar keçirdi və onlara sözlə, alqışla dəstək olurduq. Hər keçən dəqiqə toplananların sayı artırdı, 5 mindən çox adam vardı, hamı döyüşmək üçün silah axtarırdı. Gecə yenidən Ağdam kəndinə getdik ki, əsgərlərin arxasında ikinci cəbhə kimi olaq, bəlkə nələrsə lazım oldu, onların əlindən tuta bildik? Biz tək deyildik, yaxın rayonlardan da gələnlər vardı. Orada olanlar hər kəs anlayırdı ki, artıq 90-cı illər deyil. Nizami ordu və güclü dövlət var. Sadəcə, kimin çörək, kimin su, kimin evdən yemək aparması içdən gəlirdi, biz onu ürəyimizlə edirdik və edirik. Hərbi maşını saxlayırıq, salamlaşırıq, uğurlar arzu edirik, nələrsə veririk. Azərbaycanı sevməyən insanlar bizim Ağdam kəndinə gedişimizi, insanların kənddən çıxışı kimi qələmə veriblər. 90-cı illərin xaosunda yurdunda qalan camaat, belə nizam-intizamlı vaxtda qoyub gedərmi? Heç vaxt! Biz orduya və dövlətə güvənirik. Güllə səsləri ilə böyümüşük, bu gün də atışma səsinə oyanmışıq. Atışmaya baxmayaraq, Tovuzda panika yoxdur. Sadəcə, vətən torpaqlarının keşiyində duranlar üçün dua edək. Qələbə bizimlə olacaq!”