Ağır atletika üzrə yığma komandanın bəzi üzvlərinin bir neçə media orqanı, həmçinin müxtəlif sosial şəbəkələr vasitəsilə etiraz ediblər.
Offsideplus.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytı açıqlama yayıb.
Həmin informasiyanı diqqətinizə çatdırırıq:
“İdmançıların etirazları ilə tanışıq. Onların təlim-məşq toplanışları, qidalanma, geyim və başqa bu kimi məqamlar barədə dediklərinin müzakirəsi belə absurddur, çünki atletlərə bu baxımdan normalara uyğun şərait yaradılıb. O ki qaldı maaşlar məsələsinə, idmançılar məvaciblərinin uzun müddətdir verilməməsini qeyd edir, bunda federasiyanı günahlandırırlar. Əvvəla onu qeyd etmək lazımdır ki, dünyanın heç bir yerində federasiya idmançıya maaş vermir. İdmançılar arasında dünya, Avropa çempionatları və Olimpiya Oyunlarında qazandıqları nəticələrə görə Milli Olimpiya Komitəsinin təyin etdiyi maaşı alanlar da var. Federasiyanın işi toplanışlar vasitəsilə yığma komandanın hazırlığını təşkil edərək beynəlxalq yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir. Maaş isə klubların üzərindədir, idmançılar özlərinin məxsus olduqları klub, cəmiyyət, bədən tərbiyəsi və idman təşkilatlarından məvacib almalıdırlar. Yəni bir sözlə, gecikmə federasiyadan yox, klubdandır. Ancaq bu məsələ də şişirdilib. İdmançılar yanvar ayının maaşlarını alıblar. Onlara ödənilməli olan fevral ayının maaşı isə martda verilməli idi. Məlum olduğu kimi, ölkədə xüsusi rejim tətbiq olunduğundan bütün idman yarışları, ümumilikdə peşəkar idman fəaliyyəti dayandırılıb. Bu səbəbdən klublar da fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalı, dondurmalı olurlar. Eyni hal da ağır atletlərdə baş verib. Onların klubdakı maaşlarında 10 günlük gecikmə olub və son görüş zamanı bundan sonra məvaciblərinin necə ödəniləcəyi barədə məsələyə bayramlardan sonra qayıdılıb müzakirə ediləcəyi elan edilib. Onlar da bunu yanlış anlayıb ictimaiyyətə də yanlış məlumat veriblər. Bu, xoşagəlməz haldır və məsələnin bu qədər şişirdilməsi, rezonans doğurmasına cəhd edilməsi heç də yaxşı deyil, idmanın, bilavasitə ağır atletikanın inkişafına mane olan, zərbə vuran məqamdır”.