Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Ağır Atletika Federasiyasından Offsideplus.az-a verilən məlumata görə, 21-22 fevral tarixini əhatə edən yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kq (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219.7 xalla qızıl medala layiq görülüb. Toplam 161 kq (71+90) nəticə və 217.3 xalla Günel Vəliyeva ikinci, toplam 139 kq (62+77) nəticə və 199.1 xalla Gülçin Əlizadə üçüncü pillədə qərarlaşıblar.