Azərbaycan atıcısı Ruslan Lunyov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bu barədə güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Aşumova məlumat verib. Olimpiya mükafatçısı bildirib ki, oğlu olimpiadaya vəsiqəni İtaliyanın Bolonya şəhərində keçirilmiş Avropa çempionatında əldə edib: “Qitə çempionatında həm olimpiya, həm də qeyri-olimpiya növləri üzrə yarışlar oldu. Yivli tapança ilə 25 metr məsafəyə sürətli atəşaçmada “Tokio-2020”yə vəsiqə üçün finala çıxan “altılığ”a düşmək lazım idi. Lunyov 6-cı yerlə bunu bacardı və həlledici mərhələdə 5-ci yeri tutdu. Bu isə o deməkdir ki, güllə atıcılığında Azərbaycana 2020-ci il Yay Olimpiya Oyunlarına “wild card” verilməyəcək”.
Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında “wild card” sayəsində iştirak edib. O, 10 metr və 25 metr məsafələrə atəş açma yarışlarında 15-ci yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycanın 7-ci olimpiya lisenziyası olub. Daha əvvəl sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Həmçinin paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.
XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq. (report)