Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında qızıl medal qazanan Dina Averina və Yekaterina Seleznyovanı təbrik edib.

Offsideplus.az xəbər verir ki, Rusiya yığmasının üzvləri müvafiq olaraq, top və halqa ilə hərəkətlərdə çempion olublar. Averina 9-cu dəfə bu uğura imza atıbsa, Seleznyova ilk dəfə mundialda qalib gəlib.

Rusiya komandası hazırda 2 qızıl, 1 gümüş və 1 bürünclə medal sıralamasında birinci yerdədir.

Qeyd edək ki, sentyabrın 16-da start götürən dünya çempionatına ayın 22-də yekun vurulacaq. Sayca 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.