Portuqaliya millisinin və Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardu Kuarejma Bakıda mükafatlandırılıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu bu gün Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.
“Azərbaycanda futbol bayramı yaşandı. Avropadan da ölkəmizə kifayət qədər azarkeş gəldi. Qonaqların hamısı Bakıdan razı qayıtdı. Kuarejma Portuqaliya millisinin heyətində də Bakıda olub və yenidən paytaxtımızın qonağıdır”, - deyə A.Rəhimov bildirib.
O, zarafatından da qalmayıb:
“Ola bilsin ki, Kuarejma gələcəkdə bizim nazirlikdə də işləsin”.
R.Kuarejma isə karyerası barədə bunları deyib:
“Beşiktaş” mənim evim, ailəmdir. Karyeramı bu klubda bitirmək istəyirəm. Özümü yaxşı hiss edirəm. Hələ oynamaq istəyirəm. “Beşiktaş”la müqaviləm var. Azərbaycan klubuna keçidimə gəlincə, gələcəkdə nə olacağını bilmirəm. Amma “Beşiktaş”ı çox sevirəm.
Gələcəyim də bura ilə bağlıdır. Türkiyədə oynayacağım yeganə klub budur. “Qalatasaray” və “Fənərbaxça”nın təkliflərinə gəlincə, mən pulla satılan deyiləm. “Beşiktaş”lıyam və orada da olacağam””.
A.Rəhimov portuqaliyalı qonağa futboldakı əməyinə və Azərbaycanla Portuqaliya arasında dostluğa görə diplom təqdim edib.
R.Kuarejma Bakı barədə də danışıb:
“Formula-1” yarışlarında da bura gəlmişdim. Bakını çox bəyənirəm. Avropa Liqasının finalını da izlədim. Çox gözəl oyun alındı.
Bakıya yeni gəlmişəm. Şəhəri görmək üçün çox az vaxtım olub. Amma bu qısa müddətdə də şəhəri çox sevdim. Şəhər inanılmaz dərəcədə gözəldir
Bura bir neçə günlük gəlmişəm. Dəqiq müddəti deyə bilmərəm. Burada olduğum müddətdə həyat yoldaşıma vaxt ayırıb, şəhəri gəzəcəyəm, azərbaycanlılarla yaxından tanış olmağa çalışacağam. Bakıya heyranam və hər zaman tətil üçün bura gəlməyə hazıram”.
Qeyd edək ki, Rikardu Kuarejma Portuqaliya ilə Avropa çempionu, İtaliyanın “İnter” klubu ilə UEFA Çempionlar Liqasının qalibi olub. (oxu.az)