"Səbail"in tanınmış futbolçusu Maykl Essyen sabiq komandası İngiltərə "Çelsi"sinin stadionunda xeyriyyə matçında iştirak edəcək.

Offsideplus.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi UNİCEF-ə dəstək məqsədi ilə təşkil olunacaq görüşdə sabiq komanda yoldaşları Didye Droqba, Rikardu Karvalyu və Co Koulla birgə meydanda olacaq.

Qanalı oyunçu "Stemford Bric" stadionunda "Soccer Aid World XI" (Dünya yığması) komandasının heyətində İngiltərə əfsanələrinə qarşı oynayacaq. 

2005 - 2014-cü illərdə "Çelsi"nin formasını geyinmiş Essyen yenidən "Stamford Bric"də oynayacağı üçün sevindiyini vurğulayıb: "Mən özümü evə gəlmiş kimi hiss edirəm. Dünya yığması Droqba və Karvalyu ilə daha güclü görünür. UNİCEF üçün oynamaq və dünyanın müxtəlif yerlərindəki təhlükədə olan uşaqlara kömək etmək imtiyazdır".

Xeyriyyə matçında futbolçularla yanaşı, digər tanınmış şəxslər də iştirak edəcəklər. Onların arasında tanınmış atletlər Useyn Bolt, və Mo Farah, pop ulduzu Niall Horan da yer alacaq. İngiltərə komandasına Sem Ellardays, dünya yığmasına isə Pirs Morqan rəhbərlik edəcək.

Qeyd edək ki, Maykl Essyen mayın 18-də Afrika əfsanələrinin heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı görüşdə iştirak edəcək. O, "Səbail" klubu ilə martın 16-da 1,5 illik müqavilə bağlayıb.