Albaniya prezidenti İlir Meta da Ansi Aqollinin 9 il formasını geyindiyi "Qarabağ" klubundan ayrılmasına biganə qalmayıb.
-ın məlumatına görə, bir müddət öncə Bakıda 36 yaşlı futbolçu ilə görüşən ölkə başçısı Ansinin Topaz Premyer Liqanın 21-ci turunun "Səbail"lə oyunundan sonra komanda yoldaşları və azarkeşlərlə vidalaşdığı anları əks etdirən videonu şəxsi "Feysbuk" səhifəsində paylaşaraq, bu sözləri yazıb:
"Bir neçə gün öncə Bakıda məşhur futbolçumuz Ansi Aqolli ilə görüşməkdən məmnun oldum. Əvvəlki vaxtlarla müqayisədə o, 9 il çıxış etdiyi Azərbaycanın ən yaxşı komandası - "Qarabağ"dakı son günlərinə görə həyəcanlı idi. Tək mən deyil, Bakıda Albaniyanı təmsil etmiş istənilən şəxs, əminəm ki, Ansi haqda ən yaxşı sözləri eşidib. O, bizim Azərbaycandakı ən yaxşı səfirimiz idi. Aqolliyə gələcək karyerasında uğurlar arzu edərək, onun çempion komanda və azarkeşlərlə vida anlarını bölüşməkdən məmnunam".
Qeyd edək ki, "Qarabağ"ı ABŞ-ın "Nyu-York Kosmos" klubuna dəyişən Aqolli bu gün yeni komandasında ilk məşqinə çıxıb. Təcrübəli müdafiəçi karyerasını başa vurduqdan sonra klubun uşaq futbol akedemiyasında işləyəcək.