Azərbaycan tiratlonçuları 2019-cu il mövsümün ilk yarışında iştirak ediblər.

Offsideplus.az xəbər verir ki, Avstraliyanın Mululaba şəhərində keçirilən Dünya Kubokunda Rostislav Pevtsov 6-cı olub. O, 64 triatlonçunun mübarizə apardığı yarışı 52 dəqiqə 27 saniyəlik nəticə ilə başa vurub.

Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 1 saniyəyə tamamlayıb, ardınca 20 kilometrlik velodistansiyanı 28 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını o, 14 dəqiqə 51 saniyə nəticə ilə başa vurub.

Yarışının qalibi kanadalı Tayler Mislavçuk olub.

Dünya Kubokunda yığmanın digər üzvü Kseniya Levkovskaya da iştirak edib. O, finişə 23-cü çatıb. 46 qadın triatlonçunun iştirak etdiyi yarışda avstraliyalı Eşli Centl 1-ci yeri tutub.

Qeyd edək ki, triatlonçular “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat yarışlarında iştirak edirlər. Bu müddət ərzində onlar dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla, çıxış etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar.