UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi üzrə cavab oyununda "Qarabağ" bu gün "Şkendiya"nı 5:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşüb:
"Hər mərhələdə daha keyfiyyətli rəqiblər gəlir. Azarkeşlərin gözlədiyi, istədiyi bir oyun oldu. Rəqib baş məşqçiyə təşəkkür etmək istəyirəm. Özü çox alicənab insan idi, eynilə komandası da. Belə hesabı istəyirdim, amma gözləmirdim".
Q.Qurbanov 18 yaşlı Hikmət Cəbrayılzadənin avrokuboklarda debütünü dəyərləndirib:
"Hikmət bir neçə aydır bizimlədir. Aftandil Hacıyev təklif etmişdi ki, belə bir oyunçumuz var. O, gəldiyi gündən, öz ustalığını, qabiliyyətini göstərir. Ümumən ansambla uyğun bir oyunçu olmalıdır. Qarşıdakı oyunlarda imkan olduqca yenə ona şans verəcəm. Tam əminliklə deyə bilərəm ki, burda olmağı haqq edir".
53 yaşlı mütəxəssis Sami Mmaenin performansından bəhs edib:
"Mmaenin oyunu barədə fikir söyləməyə ehtitac yoxdur. Onun oyun qabliyyəti çox yaxşıdır. Ötürmələri, oyunu idarə etməsi bizi cəlb etmişdi. Bu gün də lazım olan anlarda oyunu sakirləşdirirdi. Hələ tam ideal formasında deyil".
O, pley-offdakı potensial rəqibin kimliyinin vacib olmadığını qeyd edib:
"Rəqibin fərqi yoxdur. Çempionlar Liqasında pley-off mərhələsi qrup deməkdir. Sabahdan bu oyuna hazırlaşmağa başlayacağıq".
Qeyd edək ki, Ağdam təmsilçisi pley-offda "Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.



