“Şelburn" “Qarabağ”ın "diş"inə görədir”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.
O, sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Şelburn” - “Qarabağ” oyunu haqqında fikirlərini bölüşüb: “Böyük Britaniya ölkələrindən olan nisbətən yaxşı futbolçular İngiltirə liqalarında oynayırlar. Həm əlverişli maliyyə şərtlərinə, həm də orada legioner hesab olunmadıqlarına görə həmin komandalarda çıxış etməyi üstün tuturlar. Keyfiyyət ortabab olanda isə Şotlandiya çempionatında oynayırlar.
Məlumdur ki, İrlandiyanın milli komandası bizdən yaxşı səviyyədədir. Ancaq daxili çempionatındakı oyunçuların keyfiyyətinin o qədər də yaxşı olmadığını düşünürəm.
Ən azından “Qarabağ”a güc göstərəcək səviyyədə deyillər.
Fikrimcə, Azərbaycan çempionu bu iki oyunun cəmində qalib tərəf olacaq. Təbii ki, bu, “Şelburn”un zəif olması demək deyil. Bu liqada oynayan bütün komandaların bəlli bir səviyyəsi var. Sadəcə, bundan sonrakı potensial rəqiblər İrlandiya təmsilçisindən daha güclü olacaq. “Qarabağ” Çempionlar Liqasında pley-offa çıxmaq bir yana, hətta pley-offu adlayıb Liqa mərhələsinə düşmək iqtidarındadır”.
"Qarabağ" "Şelburn" səddini keçəcəyi təqdirdə, üçüncü təsnifat mərhələsində ya "Şkendiya" (Makedoniya), ya da FCSB (Rumıniya) ilə görüşəcək. A.Kərimov potensial rəqiblər barədə də danışıb: “Qarabağ”ın ötən mövsüm Bakıda FCSB-a qarşı keçirdiyi oyunda dominant tərəf Azərbaycan çempionu idi. Sadəcə, müəyyən səhvlər ucbatından qollar buraxdıq. Əminəm ki, iki oyun olsaydı, biz Rumıniya təmsilçisini keçə bilərdik. FCSB yenidən qarşımıza çıxıb. Düşünürəm ki, "Şkendiya" ilə FCSB arasında keçiriləcək bu qarşılaşmadan rumınlar qalib ayrılacaq. FCSB ilə "duel"də isə “Qarabağ”ın Çempionlar Liqasının pley-offuna düşmək şansı həddindən artıq çoxdur. Düzdür, bu oyunlarda səhvlər olacaq, çünki keçmiş onu göstərir ki, “Qarabağ” ilkin mərhələlərdə çoxlu boşluqlara yol verir. Ancaq nəzərə alaq ki, Azərbaycan çempionunun bu mərhələdə qarşılaşdıqları rəqiblər də Avropanın top səviyyəli komandaları olmur. Üstəlik, indi “Qarabağ” yeni oyunçular alıb. Düşünürəm ki, komanda boşluq olan mövqeləri artıq doldurub. “Qarabağ” bu heyətlə Çempionlar Liqasında Liqa mərhələsinə düşə bilər”.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.



