UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində aprelin 30-da "Barselona" və "İnter" arasında keçirilməsi nəzərdə tutulan görüş təxirə salına bilər.

Offsideplus.az xəbər verir ki, buna İspaniyada yaşanan fors-major halı səbəb göstərilir.

Belə ki, dünən günorta saatlarında ölkənin müxtəlif şəhərlərində elektrik enerjisinin təchizatında problem yaranıb. Bu, bir çox sahələri, o cümlədən nəqliyyat sistemini iflic vəziyyətə salıb.

Aeroportlarda bəzi reyslər ləğv edilib və ya təxirə salınıb. Hətta "Barselona"nın prezidenti Xuan Laporta UEFA Gənclər Liqasının finalında "Trabzonspor"la oyunu izləmək üçün İsveçrəyə uça bilməyib.

Plana əsasən, "İnter" bu gün günorta Barselonada olmalıdır. İtaliyalılar ənənəvi mətbuat konfransı keçirməli və oyunqabağı axşam məşqinə çıxmalıdırlar.

Əgər "İnter" vaxtında Barselonaya gələ bilməsə, qarşılaşmanın bir gün - aprelin 30-dan mayən 1-nə təxirə salınması gündəmə gələcək.