“Sabah” futbol klubu komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə qazanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikinə görə təşəkkürünü bildirib.
Offsideplus.az xəbər verir ki, Bakı klubu turnirin pley-off mərhələsində İsrailin Beer-Şeva şəhərinin “Hapoel” komandası üzərində qələbədən sonra Prezident İlham Əliyevə müraciət yayımlayıb.
"Möhtərəm cənab Prezident,
“Sabah” Futbol Klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsinə göstərdiyiniz yüksək diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Sizin təbrikiniz komandamız üçün bu qələbənin sevincini daha da artırdı.
Sizin Azərbaycan idmanına, o cümlədən futbolun inkişafına göstərdiyiniz davamlı diqqət və qayğınız, idman klublarının inkişafı üçün yaradılmış imkanlar bu cür tarixi nailiyyətlər üçün böyük stimul verir, məsuliyyətimizi daha da yüksəldir.
Ölkəmizi Avropanın ən mötəbər futbol turnirində layiqincə təmsil etmək, Azərbaycan futbolunun adını daha da yüksəklərə qaldırmaq üçün bundan sonra da əzmlə mübarizə aparacağıq.
Nəticə etibarilə, biz sonadək mübarizə aparmaq, qələbəyə inanmaq əzmini Sizdən öyrənirik. Azərbaycan xalqının böyük qələbələrinin yaradıcısı kimi, biz də öz gücümüzü və İLHAMımızı Sizdən alırıq.
“Sabah” Futbol Klubu adından göstərdiyiniz yüksək diqqətə görə bir daha dərin təşəkkürümüzü bildiririk", - deyə müraciətdə qeyd edilib.
Xatırladaq ki, qarşılaşmanın ilk oyununda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub, Bakıda keçirilən cavab görüşündə isə 5:2 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edib.


