“Burada olmaqdan məmnunam”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Nyukasl"ın futbolçusu Antoni Elanqa "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
O, matçla bağlı fikirlərini bölüşüb:
“Qarabağ”ın güclü kollektivi var, ancaq bizim də komandamız güclüdür, hamımız ahəng içindəyik. Bu oyuna ciddi şəkildə hazırlaşmışıq. Başa düşürük ki, rəqibin ambisiyaları yüksəkdir. Biz də bu mərhələdə əlimizdən gələni edib bacardıqca irəli getmək istəyirik. Hazırda burada olmaqdan məmnunam. Əsas niyyətimiz oyuna fokuslanmaqdır”.
Elanqa “Qarabağ” haqqında məlumatlı olduğunu vurğulayıb:
“Bu komandanın "Kopenhagen"ə qalib gəlməsi və "Çelsi" ilə heç-heçə etməsi diqqətimi çəkmişdi. Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmadığını düşünürəm. Bizim də komandamız güclüdür, hamımız ahəng içində oynayırıq”.
Qeyd edək ki, matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.



