“Bu oyun daha çox mübarizə apardığımızı düşünürəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Şəki” ilə səfər oyunundan sonra “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Bu gün müdhiş mübarizə ortaya qoyduq. Hamını bir-bir təbrik edirəm. Ceykob Uayli xəstə olaraq oynadı. Ona xüsusi minnətdaram. Çox mübarizə apardı. “Şəki” həm evdə, həm səfərdə çox mübarizə aparan komandadır. İlk matçda öz səhvlərimizdən, konsentrasiyasız oynamağımızdan dolayı istəmədiyimiz halda məğlub olmuşduq.
Qarşıda “Sabah” ilə təxirə salınan görüşümüz var. İki gün sonra meydana çıxacağıq. Üst-üstə səfərlərdəyik. Hardasa Avropa Kuboklarında çıxış edən klublardan daha sıx təqvimdə oynayırıq. Bu, bizi çox çətin vəziyyətə salır. Amma Bakıda da ən yaxşı şəkildə mübarizə aparıb ili yaxşı nəticə ilə başa vurmaq istəyirik”.
Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən matç “Gəncə”nin 78:73 hesablı qələbəsi ilə yekunlaşıb.



