“Məğlub olduğumuz üçün çox məyusuq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Şəki” basketbol klubunun baş məşqçisi Bedri Meriç “Gəncə”yə qarşı keçirdikləri oyundan sonra deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

“Oyunçularımın mübarizəsindən və göstərdikləri oyundan razıyam. Son 2 matçdır ki, hesabda öndə olduğumuz oyunda bəsit səhvlərlə uduzuruq. Amma doğru yoldayıq. Səhvlərdən nəticə çıxarıb, mövsümün sonunda hədəfimiz olan pley-offa çıxacağımıza inamım çoxdur.

Mütəxəssis son matçlarda komandanın uduzmasında kapitan Samir Stuartın oynamamasının ciddi rolu olduğunu vurğulayıb:

“Oyunun ritminə sonda nəzarət edə bilmirik. Üstəlik kasad heyətlə oynadığımızdan, basketbolçular yorulur. Bu səbəbdən təəssüf ki, matçın sonlarında sürət tempimiz aşağı düşür.

Matçlarda bu gün qalib gəlmək, sabah uduzmaq olar. Nəticələr həmişə dəyişə bilər. Amma həyatda düzgün insan olaraq qala bilmək önəmlidir. Biz həmişə nəticədən asılı olmayaraq, insanlığımızı qoruya bildiyimiz üçün komandamla fəxr edirəm”.

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən matç “Gəncə”nin 78:73 hesablı qələbəsi ilə yekunlaşıb.