“Kifayət qədər çətin qrupa düşdük. Düzdü, dünya çempionatında asan rəqib olmur.
Püşkə əsasən biz mundialda FİVB reytinqində “Top-5”də qərarlaşan iki nəhəngə qarşı oynayacağıq”. Offsideplus.az xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.
Yığmamız 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatında ABŞ, Rusiya, Cənubi Koreya, Trinidad və Tobaqo və Tailandla C qrupu qrupunda mübarizə aparacaq. Bu gün baş tutan püşkatmaya münasibət bildirən 24 yaşlı blokçu komandamızın rəqiblərini dəyərləndirib: “Təbii ki, qrupumuzun favoritləri ABŞ və Rusiyadı. Onlar dünya reytinqində müvafiq olaraq, 2-ci və 5-ci yerdədi. Digər rəqiblərə gəlincə, onlar da qitələrində sözlərini demiş yığmalardı. Fikrimcə, Cənubi Koreya və Tailand milliləri ilə duellərimiz də asan olmayacaq. Lakin biz dünya çempionatının seçmə oyunlarında göstərdik ki, istənilən rəqibə qarşı layiqli mübarizə apara bilirik. Final mərhələsinə qrup qalibi kimi vəsiqə qazanmışıq. Bu səbəbdən də çalışacağıq ki, kifayət qədər irəliləyək. İlk hədəf qrupda “dördlük”də yer alıb, mərhələ adlamaq olacaq”.
Bu rəqiblərdən yalnız Rusiyaya qarşı oynadığını deyən Abduləzimovanın sözlərinə görə, digər qitələrin komandalarına qarşı oynamaq onun üçün maraqlı olacaq.
Qeyd edək ki, gələn il sentyabrın 29-da start götürəcək dünya çempionatı oktyabrın 20-də başa çatacaq.