Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan"a 85:79 hesabı ilə qalib gələn "Abşeron" ümumi hesabı bərabərləşdirib.

Offsideplus.az xəbər verir ki, "Abşeron"un baş məşqçisi Erhan Toker qələbəni belə şərh edib:

"Bizim üçün çox gözəl bir qələbə oldu. İlk dövrəyə bir qədər pis başladıq. Yaxşı müdafiə oluna bilmədik. Lakin 2-ci dövrədə yaxşı müdafiə olunduq. İsmayıl Abdullayev və Ömər Yavaşın həm müdafiə, həm də hücumda komandaya çox ciddi qatqısı oldu. Təbii ki, digər üzvlərimizin də təsiri böyük idi. Mental olaraq qazanılması çətin olan oyunu qazandıq. Qarşıda 1 oyun var və orada da bu dəfə olduğu kimi qələbə qazanıb mərhələ adlamağa çalışacayıq. Rəqibi də gözəl oyuna görə təbrik edirəm. Çox yaxşı komandadırlar. Mənim fikrimcə, bu komandalar arasında daha bir oxşar tərzdə görüş izləyə biləcəyik".

E.Toker 22 xal toplayan azərbaycanlı basketbolçu İsmayıl Abdullayevin performansını dəyərləndirib:

"Əslində İsmayıl belə epizodları tez-tez yaxalayır. Amma atışları tələsik və sıçramadan atırdı. Son bir neçə məşqdə onunla məhz bunun üzərində çalışmışdıq. Ayaqlarını məşq elətdirib daha yüksəyə tullanaraq atması lazım olduğunu söyləmişdim. Bu gün hamısını o tərzdə atdı. Əlavə olaraq şanslı günündəydi. Komanda yoldaşları da onu yaxşı başa düşdülər. Bir sözlə çox gözəl qələbə oldu. Komandamı təbrik edirəm".