Azərbaycan Basketbol Liqasında dünya basketbolunda nadir hallarda rast gəlinən hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, çempionatın B qrupunda yarışan “Sumqayıt” qeyri-adi nəticə göstərib. Belə ki, "gənclik şəhəri" təmsilçisinin ardıcıl 3 oyununda bütün xallarını "ilk beşlik"də matça başlayan basketbolçular qazanıblar. Adətən basketbol yarışlarında həm əsas, həm də ehtiyat oyunçular xal toplayırlar. Sadəcə start heyətin xal topladığı matçlar isə tarixdə çox azdır. Bu halın ardıcıl baş verməsi isə, demək olar ki, çox nadir rast gəlinən bir hadisədir.
“Kimyaçılar” 17-ci turda “Ordu” üzərində qələbə qazanıb, 18-ci turda “Şəki”yə məğlub olub, dünən 19-cu tur çərçivəsində isə “Quba”ya qalib gəliblər. Bu görüşlərdə "Sumqayıt"ın bütün xallarını 5 əsas oyunçusu qazanıb: Endryu Louder, Zayon Yanq, Kolin Golson, Eli Lourens və Saadetdin Donat.