Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının sonuna 2 tur qalıb.
Hər iki qrupda son dərəcə gərgin mübarizə, ciddi rəqabət edir. Hərçənd pley-off mərhələsinə artıq iki komanda vəsiqə qazanıb. İndi bütün diqqətlər son 2 turda baş tutacaq qarşılaşmalara yönəlib.
A qrupu
Ən güclülərin yarışdığı qrupda ilk 3 yeri tutan klublar pley-offa yüksəlirlər. Atıq "Sabah" və "Naxçıvan" bu vəzifənin öhdəsindən vaxtından qabaq gəliblər. Üçüncü xoşbəxt vəsiqənin sahibi isə "Neftçi" ola bilər.
"Sabah" (32 xal) qrup lideridir, 1 qələbə sayəsində 1-ci pilləni təmin etmiş olacaq.
"Naxçıvan" (30 xal) ikinci yerdə qərarlaşıb və "Sabah"dan liderliyi almaq üçün son oyunlarda qələbələrə köklənib.
"Neftçi" (27 xal) üçüncü yerdədir, qalan 2 turda cəmi 1 qələbə kifayətdir ki, pley-offa birbaşa vəsiqə qazansın. Əks halda, bu sevinci "Abşeron"a bağışlamış olacaq.
"Abşeron" (25 xal) dördüncü yerdə gedir və taleyi öz əlində deyil. Komanda "Neftçi"nin XIX turda uduzacağına ümid bəsləyir. Belə olan halda, "Abşeron" müntəzəm çempionatın axırıncı turunda "Neftçi"ni üstələyib, 3-cü pillənin sahibi qismində pley-offa çıxacaq. Çünki hər 2 klubun 29 xalı olacaq. Eyni xala malik komandaların arasında üstünlük "daha çox qələbə qazanan" və "daha çox xal toplayan" qaydalarına görə müəyyənləşdirilir. İş elə gətirib ki, "Abşeron" və "Neftçi" arasında cari mövsümdə baş tutan oyunlarda ikincilər irəlilədir. Başqa sözlə, "Neftçi" 2 dəfə qalib gəlib, 1 dəfə uduzub. Xalların fərqində də "ağ-qaralar" üstündür - 220:204.
"Sərhədçi" və NTD isə keçid mərhələsinə qatılacaqlar.
B qrupu
B qrupunda vəziyyət daha həyəcanlıdır. Yalnız qrup qalibi birbaşa növbəti mərhələyə vəsiqə qazanacaq.
"Gəncə" və "Şəki" (32 xal) 1-2-ci yerləri bölüşdürürlər. Gəncəlilər yalnız əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıblar. Son 2 turda bu komandalar arasında rəqabət pik həddə çatacaq.
"Ordu" (29 xal) qrupu 3-cü yerdə başa vuracaq. Bu, artıq rəsmiləşib.
"Sumqayıt", "Quba" və "Lənkəran" isə keçid mərhələsində oynayacaq. Sadəcə, bu klubların hər biri axırıncı 2 turda yaxşı nəticə göstərib yuxarı pilləyə qalxmağa çalışacaq ki, məqsəd növbəti mərhələdə nisbətən zəif rəqiblə görüşməkdir.
Son 2 turdan gözləntilər:
A Qrupunda: "Sabah" və "Naxçıvan" arasında liderlik uğrunda rəqabət davam edəcək. "Neftçi" böyük ehtimalla, pley-offa yüksələcək.
B Qrupunda: 19-cu turda "Gəncə" və "Şəki" qarşılaşacaq. B qrupunda 1-ci yerin taleyinə bu matçdan sonra aydınlıq gələcək. Bu görüşün 19-cu turun mərkəzi görüşü adlandıra bilərik. Hər iki komanda son oyunlarda qələbə qazanmaq üçün maksimum səy göstərəcək.
Aşağı yerlərdəki komandalar pley-off-da daha münasib rəqiblə qarşılaşmaq üçün son oyunlarda daha yaxşı performans göstərməyə çalışacaqlar.
19-cu turun matçlarını təqdim edirik:
"Sumqayıt" - "Quba"
"Ordu" - "Lənkəran"
"Naxçıvan" - "Abşeron"
"Şəki" - "Gəncə"
NTD - "Sabah"
"Sərhədçi" - "Neftçi"