Tovuzda yeni yaradılan “Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, mərasimdə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma, milli komandamızın voleybolçusu Polina Rəhimova, Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov, “Tovuz” Regional Voleybol Kubunun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və voleybolçular iştirak ediblər. Hüseyn Əhmədovun açılış nitqindən sonra çıxış edən Şahin Çatma bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin buradakı kimi ideal şəraitlə təmin olunmasının vacibliyini xüsusi vurğulayıb. Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz Olimpiya İdman Kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib. Voleybolda ilk addımlarını atan uşaq və gənclərə öz tövsiyələrini verən milli üzvü onlara hədiyyələr paylayıb, xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, bir ay əvvəl təsis olunan klub, ilk olaraq seleksiya işlərini həyata keçirib. 10 yaşdan yuxarı oğlan və qızların seçimlərindən sonra oğlan və qızlardan ibarət 2 yaş qrupu üzrə komandalar formalaşdırılıb. Tovuz Olimpiya İdman Kompleksində baş məşqçi Gülər Əhmədova, məşqçilər Sadıq Hümmətov və Elnur İbrahimovun rəhbərliyi altında həftənin 5 günü məşqlər həyata keçirilir. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya - “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyətli məşq proqramının həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və inventarlarla təmin olunublar.

Klub rəhbəri Hüseyn Əhmədov məqsədlərinin voleybolun bölgədə populyarlaşması, gələcəkdə isə peşəkar səviyyədə komandanın qurulması olduğunu qeyd edib: “İşin başındayıq. Başlıca məqsədimiz uşaq və gəncləri sağlam həyat tərzinə, idmana yönləndirməkdir. Tovuzada bütün idman növləri üçün böyük potensial və maraq var. Artıq rayonumuzun idman ictimaiyyəti ilə bir neçə görüş keçirmişik. Sevindirici haldır ki, bizim ideyamıza dəstək günü-gündən artır. Qısa müddət ərzində 2 yaş qrupu üzrə komanda formalaşdırdıq. Sıralamıza qoşulmaq istəyənlərin sayı artır. Sevindiricidir ki, qızların da bu idman növünə kifayət qədər marağı var. Qeyd etdiyim kimi, yeni başlamışıq, böyük planlarımız, məqsədlərimiz var. Məqsədlərə çartmaq üçün pillə-pillə irəliləyəcəyik. Tək Tovuz şəhərində yox, bölgəmizdəki bütün şəhər və kəndlərdən olan istedadlı, voleybola marağı olan uşaqları cəlb edəcəyik. Kütləviliyə nail olmağı hədəfləyirik. Düşündüyüz kimi yola davam etsək, yaxın vaxtlarda bunun bəhrəsini görəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Voleybol Federasiyasından gələn qonaqlarımız da yaradılan şəraitdən və ən əsası işə yanaşmamızdan çox razı qaldılar”.

Milli komandamızın üzvü Polina Rəhimova da bölgələrdə belə klubların sayının çox olmasının vacibliyindən danışıb: “İlk öncə dəvət üçün təşəkkürümü bildirirəm. İlk dəfədir Tovuzda oluram. Bura çox xoşuma gəldi. Bundan öncə Şəki və Gəncədə oldum. Açığı bölgələrdə potensialın yüksək səviyyədə olduğunu gördükdə yaxşı mənada təəccübləndim. İlk addımlar atılsa da istedadlı uşaqlar, inkişaf üçün böyük perspektiv var. Əgər biz hamımız düzgün yanaşma ilə işimizi görsək yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, növbəti səfərim zamanı burada daha da böyük işlərin həyata keçirildiyinin şahidi olacağam. Özüm Ukraynadan olsam da, mənim həyatıma qatdıqlarına görə hər zaman Azərbaycana minnətdar olacağam. Bunun üçün də voleybolumuzun inkişafında iz qoymaq, tarixin bir parçası olmaq istəyirəm. Yerli voleybolçu cəhətdən çatışmazlıqlarımız var. Bu çox vacib məqamdır. İstərdim ki, milli komandalarımızda yerli voleybolçuların sayı çox olsun və Azərbaycan bayrağı yerli idmançıların əlində beynəlxalq yarışlarda daim zirvələrə qalxsın. Hündürboy insanlarımız, güclü genetikamız var. Sadəcə düzgün seleksiya ilə bölgələrdə olan belə uşaqları tapıb voleybolumuza qazandırmaq üçün səylə çalışmaq lazımdır”.