Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev müsahibə verib.
İndiyə qədər 3 dəfə Ermənistan klublarının oyununa təyinat alan A. Xudiyev bunların heç birində neqativ hallarla qarşılaşmadığını bildirib.
- UEFA-dan yeni təyinat almısınız. Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Astana" (Qazaxıstan) - APOEL (Kipr) oyununun hakim-inspektoru siz olacaqsınız. Bununla bağlı fikirlərinizi, təəssüratlarınızı bilmək maraqlı olardı...
- Adi təyinatdır. Avropa Futbol Təşkilatı təyinat verib. Nə fikir bildirə bilərəm?
- Deyəsən, tez-tez belə təyinatlar aldığınız üçün artıq adiləşib...
- Adi, gözlənilən təyinat idi. İl ərzində təqvimə uyğun olaraq, UEFA məni hər hansı oyuna hakim-inspektor təyin edir. Heç bir problem yoxdur. Gözlənilən təyinatlardan biridir.
- Üç dəfə Ermənistan klublarının beynəlxalq arenadakı oyunlarına təyinat almısınız. Son olaraq da, ötən ay Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Alaşkert" - "Sutyeska" matçında hakim-inspektor vəzifəsini yerinə yetirmisiniz. Həmin oyunlarda hər hansı gərginlik, stress olubmu?
- Heç bir gərginlik olmayıb. Yenə deyirəm, adi təyinatlar, adi oyunlardır. Biz hamımız Avropa Futbol Təşkilatını təmsil edirik və həmişə obyektiv olmağa çalışırıq. Bizim işimiz hakimlərlə əlaqədardır. Klublara heç bir aidiyyatımız yoxdur.
- Bu 3 oyundan hansındasa hər hansı xoşagəlməz hadisə baş veribmi?
- Bildirdiniz ki, bunlar sizin üçün adi təyinatlardır. Yəqin ki, hər matçdan öncə klubların nümayəndələri ilə görüşürsünüz. Maraqlıdır, Ermənistan təmsilçisləri azərbaycanlı hakim-inspektorun onların oyununa təyinatını necə qarşılayıb, buna reaksiyaları necə olub?
- Bəli, həmişə rəmzi görüşlər olub. Oyun günü bizdə texniki iclas keçirilir. Həmin iclasda hər iki klubun nümayəndələri ilə qısa görüş olur. UEFA nümayəndəsi də orada iştirak edir. Oyuna aid suallar müzakirə olunur. Heç vaxt başqa bir sual yaranmır. Salam, sağ ol, vəssalam. Bilmirəm, bu, sizə niyə bu qədər maraqlı görünür?
- Sizcə, bu, maraqsız mövzudur ki?
- Yox, sadəcə, bundan əvvəl də yazırdılar ki, azərbaycanlı hakim-inspektor Ermənistan klubunun oyununa təyinat aldı. Bu, adi bir təyinatdır. Başqa heç bir sual doğura bilməz.
- Bəs elə bir oyun olubmu ki, ermənilərdən hakimliklə bağlı sizə hər hansı şikayət, narazılıq olsun?
- O şikayət mənə ola bilməz. Avropa Futbol Təşkilatına öz iradlarını bildirə bilərlər. Amma 3 oyunun heç birində problem olmayıb.(Qol.az)