Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda bu gün növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalın cavab qarşılaşması çərçivəsində Bakı Voleybol Mərkəzində Avstriyanın “Qrats” kollektivi ilə üz-üzə gəlib.

Matç təmsilçimizin 3:0 (25:13, 25:12, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, hər iki görüşdə rəqibini “quru hesab”la yenən Azərbaycan çempionu adını növbəti mərhələyə yazdırıb.

Təmsilçimiz 1/8 finalda “Stroosen” (Lüksemburq) – “Orion” (Niderland) cütündə üstün olan tərəflə münasibətləri aydınlaşdıracaq. Sözügedən komandalar arasında ilk matç bu gün, cavab qarşılaşması isə noyabrın 16-da keçiriləcək.

Xatırladaq ki, 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varajdin” komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib – 3:0 və 3:1.