Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, 11-ci turun ilk matçında “Abşeron” “Azərreyl”lə qarşılaşıb.
Çempionat ərzində keçirdiyi bütün görüşlərdə qalib gələn Eldar Yusubovun komandası meydandan yenə qələbə ilə ayrılıb. “Abşeron” növbəti 3 xalını 3 hissəni aktivinə yazmaqla qazanıb. Birinci setdə rəqibini 25:23 hesabı ilə məğlub edən “Abşeron” növbəti setləri də üstün bitirib - 27:25 və 25:19.
Günün ikinci matçında isə “Murov” UNEC-i sınağa çəkib. Bu görüşdə də qalib 3 setdə müəyyən olunub. "Tələbələr" hər üç hissədə uduzublar - 15:25, 11:25, 18:25. “Murov” isə bu qələbədən sonra çempionatda tutduğu üçüncü pillədəki yerini möhkəmləndirib.
Beləliklə, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan 11-ci turdan sonra “Abşeron” 33 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl”in 17, “Murov”un 11, UNEC-in isə 5 xalı var.