"Fənərbağça" 2026/27 mövsümünə rəsmi start verib və ənənəvi media günü çərçivəsində baş məşqçi, oyunçular və klub rəhbərliyi yeni heyət və qarşıdakı Avroliqa mövsümü barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Şarunas Yasikeviçius yeni formalaşan heyətdən məmnun olduğunu bildirib və komandanın inkişafı üçün səbirli olmağın vacibliyini vurğulayıb: "Hər il olduğu kimi, yeni mövsüm üçün çox həyəcanlıyıq. Yayda qurduğumuz heyət bizi sevindirir. Əlbəttə, həmişəki kimi, səbirli olmalı, çox çalışmalı və hazır olmalıyıq".
Litvalı mütəxəssis ötən mövsümün taktiki çatışmazlıqlarını dəyərləndirərək yay transfer dövründə əsas diqqəti meydançada qərar verə bilən oyunçulara yönəltdiklərini qeyd edib: "Bu yay daha çox qərar verə bilən oyunçular əlavə etmək istədik. Mənim üçün ən vacib məqam bu idi. Bütün mövqelərdə düzgün qərar verə bilən və meydançada bir-biri üçün mübarizə aparan oyunçular istədik. Keçən mövsüm çox asan xallar buraxdıq. Hücumda pis seçimlər səbəbindən müdafiədə çətinlik çəkdik. Daha təcrübəli heyət qurmağımız bu sahədə bizə kömək edəcəkmi, görəcəyik".
Komandanın ulduz müdafiəçisi Ueyd Boldvin də yeni transferlərin "Fənərbağça"nın Final Four hədəfinə çatmasında əsas rol oynayacağını bildirib: "Heyətimizə doqquz yeni oyunçu qoşulub, onların hər biri karyerasında uğur qazanıb. Onlar bu uğurları burada da davam etdirəcəklər. Biz Final Four üçün oynayan komandayıq. Mövsüm boyu çox çalışacaq və bu məqsədə doğru irəliləyəcəyik".
Boldvin yeni transfer Şeyn Larkinlə arxa xəttdə birgə çıxış edəcəyinə də toxunub: "Əslində, Şeynin gəlişi ilə bağlı düşüncələrim ötən mövsüm Nando de Kolo ilə bağlı hiss etdiklərimə bənzəyir. Şeyn həmişə qarşı oynamaq və məğlub etmək istədiyim oyunçu olub. Onun necə yaxşı oyunçu və insan olduğu hər kəsə məlumdur. İndi eyni komandada çıxış etmək mənim üçün yeni nəfəs kimidir. Onun kimi təcrübəli biri ilə oynamaq meydançada işimi asanlaşdıracaq".
Klubun baş meneceri Derya Yannier isə heyətdəki dəyişikliklər və uzunmüddətli sabitlik barədə danışıb: "Mövsüm öncəsi heyətdə əvvəlkindən daha çox dəyişiklik ola biləcəyini demişdik. Yeni mövsümə müəyyən qədər yenilənmiş heyətlə başlayırıq. Lakin komandanın əsas nüvəsini təşkil edən oyunçular bizimlə davam edir və bu, komandanın əsas xarakterini qorumağa imkan verir. Məqsədlərimiz isə dəyişməz olaraq qalır".


