"Oklahoma Siti Thunder" yaxın illərdə Çet Holmgrenlə bağlı çətin qərar vermək məcburiyyətində qala bilər. Klubun heyətinə çəkilən xərclərin artması səbəbindən 2026/27 mövsümündən etibarən Holmgrenin beşillik maksimal müqaviləsi qüvvəyə minəcək.
Offsideplus.az xəbər verir ki, həmin mövsümdən Ceylen Uilyamsın da yeni böyük müqaviləsi qüvvəyə minəcək, Şey Gildcəs-Aleksandrın supermaksimal uzadılması isə yaxın zamanda maaş büdcəsini daha da artıracaq. "The Athletic"in Zak Harperinin fikrincə, klub bir müddət sonra bu üç ulduzun hamısını saxlamağın maliyyə baxımından nə dərəcədə məqsədəuyğun olduğunu dəyərləndirməli olacaq. İkinci vergi həddi ilə bağlı məhdudiyyətlər heyətin qurulmasını çətinləşdirir. "Oklahoma" artıq bu yay xərclərin artmasının nəticəsi olaraq Lü Dortu başqa kluba göndərib. Holmgrenin "San Antonio Spurs" və Viktor Vembanyama ilə oyunlardakı çıxışı da qərarvermədə əlavə amil ola bilər. Qərb Konfransının finalında Holmgren "Spers"ə qarşı ortalama 10,7 xal və 7,1 ribaundla oynayıb və inamlı təsir bağışlamayıb. Əgər "San Antonio" Qərbdə əsas rəqiblərdən biri olaraq qalarsa və Holmgren Vembanyama ilə oyunlarda çətinlik çəkməyə davam edərsə, "Thunder" rəhbərliyi illik 40 milyon dollardan çox xərcləməyin nə dərəcədə əsaslı olduğunu yenidən düşünə bilər.


