2026/27 mövsümündə NBA Milad bayramı oyunları Avropanın ən parlaq basketbolçularının iştirakı ilə keçiriləcək. Liqa dekabrın 25-də baş tutacaq qarşılaşmaların siyahısını açıqlayıb və bu dəfə Fransa təmsilçisi Viktor Vembanyama, Serbiyadan Nikola Yokiç, Sloveniya ulduzu Luka Donçiç və Yunanıstanın lideri Yannis Antetokunmpo əsas diqqət mərkəzində olacaq.

Offsideplus.az xəbər verir ki, Milad günü ilk olaraq "San Antonio Spurs" səfərdə son çempion "Nyu-York Niks"lə qarşılaşacaq. Ardınca "Boston Seltiks" doğma meydanda "Mayami Hit"i qəbul edəcək. "Filadelfiya 76ers" və LeBron Ceyms isə "Los Anceles Leykers"in qonağı olacaq. "Oklahoma Siti Thunder" "Minnesota Timberwolves"la, günün son oyununda isə "Denver Nagets" "Qolden Steyt Uorriors"la üz-üzə gələcək.

NBA mövsümün açılış gecəsinin də təfərrüatlarını açıqlayıb. Oktyabrın 20-də "Detroit Pistons" və "Boston Seltiks" arasında günorta oyunu ilə mövsüm başlayacaq. Daha sonra "Filadelfiya 76ers" "Nyu-York Niks"in qonağı olacaq, gecənin son qarşılaşmasında isə "Oklahoma Siti Thunder" "San Antonio Spurs"u qəbul edəcək.

Həftənin davamında oktyabrın 21-də "Mayami Hit" "Minnesota Timberwolves"la, "Los Anceles Leykers" isə "Qolden Steyt Uorriors"la qarşılaşacaq. Oktyabrın 22-də LeBron Ceyms "Filadelfiya 76ers"in heyətində ilk dəfə doğma meydanda "Klivlend Kavalers"ə qarşı oynayacaq, "Oklahoma Siti Thunder" isə "Denver Nagets"i qəbul edəcək.

Liqa tam mövsüm təqvimini cümə axşamı açıqlayacaq.