“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycanın U-20 kişilərdən ibarət basketbol yığmasının Avropa çempionatının B divizionundakı çıxışını Offsideplus.az-a dəyərləndirib.
Təcrübəli mütəxəssis komandanın turnirdəki oyunları və göstəriciləri barədə fikirlərini bölüşüb:
“U-20 yığmamızın Avropa çempionatının B divizionundakı çıxışını yalnız müsbət qiymətləndirmək olar. Çünki bir neçə il əvvəl hətta sonuncu yeri tutduğumuz turnirlərdə oyunlarda çox çətinlik çəkirdik. Hazırda isə 21 komanda arasında 11-ci yeri tutmuşuq və heç də zəif olmayan 10 komandanı geridə qoymuşuq. Bu, əlbəttə, müsbət haldır.
Oyunlara gəldikdə, məğlub olduğumuz bəzi qarşılaşmalarda qalib gələ və daha yüksək yer tuta bilərdik. İsveçlə ilk oyundan sonra çox məyus oldum. Bu, bizim oyunumuz deyildi. Demək olar ki, heç nə alınmadı.
Sonrakı qarşılaşmada Slovakiyaya qalib gəldik. Həmin oyundakı göstəricilərimiz də yaxşı idi. Komandamız 72 xal topladı. Məni ən çox sevindirən məqamlardan biri isə oyun ərzində 46 ribaund götürməyimiz idi. Bu, növbəti qarşılaşmalarda da qələbə qazana biləcəyimizə ümid yaradırdı.
Təəssüf ki, İrlandiya ilə oyunda 20 xaldan çox geri düşdük. Buna baxmayaraq, həmin görüşü də aktivimizə yazmaq olar. Çünki fərqi 6-7 xala qədər azaldaraq geridönüş etməyi bacardıq. Sadəcə sonluğu gətirmək üçün bir qədər gücümüz çatmadı.
Burada oyunçuların yaşını da nəzərə almaq lazımdır. Məsələn, Aqbasonun cəmi 16 yaşı var. Bunlar təcrübəsizlikdən irəli gələn məqamlardır. Məşqçilər əllərindən gələni etdilər və komanda geridönüşə nail oldu. Təəssüf ki, bunu qələbə ilə tamamlaya bilmədik.
Şimali Makedoniya ilə oyun barədə ayrıca danışmaq lazımdır. Makedoniya basketbol ölkəsidir. Bizə qarşı çox yaxşı və düşünülmüş komanda oyunu nümayış etdirdilər. Mənə elə gəlir ki, uşaqlar meydanda bir qədər daha soyuqqanlı və ağıllı davransaydılar, həmin görüşdə qalib gələ bilərdik.
Burada böyük bir sual da yaranırdı. Sanki Şimali Makedoniya komandası bizim bütün kombinasiyalarımızı əvvəlcədən bilirdi. Çox təcrübəli kollektiv təsiri bağışlayırdılar. Onlar uzun illərdir həm U-16, həm də U-18 səviyyəsində bu divizionda mübarizə aparırlar.
İsveçrə ilə oyunumuz isə turnirdə ən çox xoşuma gələn qarşılaşma oldu. Komandamız yenə 72 xal topladı. Səhv etmirəmsə, Dərin Berköz 25 xal yığdı, Aqbason 18 ribaund götürdü, İsmayıl isə 15 xal topladı. Bu oyunda demək olar ki, hər şey var idi. Məhsuldarlığımız yüksək oldu.
Derin çox gözəl oynadı. Onun səbətə doğru keçidləri, uzaq məsafədən atışları və perimetrdəki fəaliyyəti çox xoşuma gəldi. Mən Derini Azərbaycan Basketbol Liqasındakı çıxışlarını da bəyənirdim. NTD-nin heyətində bizə qarşı yoldaşlıq görüşündə də oynayıb. Çalışqan uşaqdır və gələcəkdə daha böyük uğurlar qazanacağına əminəm. Eyni sözləri İsmayıl haqqında da demək olar.
Bosniya və Herseqovinaya qarşı oyunda fiziki yorğunluğun da təsiri hiss olundu. Uşaqlar çox qısa müddətdə yeddi oyun keçirməli oldular. Bosniya və Herseqovina ilə qarşılaşma qalib gələ biləcəyimiz oyunlardan biri idi. Təəssüf ki, fürsətdən istifadə edə bilmədik və məğlub olduq.
Niderlandla oyun isə çox yaxşı alındı. Burada Aqbasonun “dabl-dabl”ını xüsusi qeyd etmək istəyirəm. O, 19 xal topladı və 10 ribaund götürdü. Səhv etmirəmsə, qarşılaşmaların birində 10-a yaxın blok da etmişdi. Ümumiyyətlə, bloklarda çox güclüdür.
Komandamız turniri orta hesabla təxminən 7 blokla başa vurdu. Bu yüksək göstəricinin əldə olunmasında Aqbasonun böyük rolu var. Blok çox çətin elementdir. Onu yerinə yetirərkən qayda pozuntusuna yol vermək ehtimalı da yüksəkdir.
Ümumi nəticədə Azərbaycan yığmasının 11-ci yeri tutmasını müsbət qiymətləndirirəm. Ancaq bir məqamı da qeyd etmək lazımdır. Düzdür, bunlar gənc oyunçulardır, lakin yeddi qarşılaşmadakı orta hesabla 60 xal göstəricimiz bir qədər aşağıdır. Əminəm ki, orta məhsuldarlığımız 65-66 xal olsaydı, daha iki-üç komandanı məğlub edə bilərdik. Xüsusilə İrlandiya, eləcə də Bosniya və Herseqovina ilə oyunları qeyd etmək istəyirəm. Baxmayaraq ki, Bosniya və Herseqovina çox yaxşı təsir bağışladı.
Komandamızın hər oyunda orta hesabla 40 ribaund götürməsi bizi sevindirir. Bir qarşılaşmada bu göstərici 46, səhv etmirəmsə, hətta 48 olub. Orta hesabla 15 məhsuldar ötürmə, 6 top oğurlaması və 7 blok da komandanın aktivinə yazılmalıdır.
Düşünürəm ki, bundan sonra çatışmazlıqların aradan qaldırılması istiqamətində də işlər aparılacaq. Komandamız turnirdə böyük zəhmət çəkdi. İlk növbədə federasiyanı, bu işdə əməyi olan bütün insanları, mətbuat xidmətinin əməkdaşlarını, masajçıları, həkimləri və federasiyanın məsul şəxslərini təbrik edirəm.
Həm oyunçu, həm də məşqçi kimi çox sevdiyim Anar Sarıyevi də ayrıca təbrik etmək istəyirəm".


