Azərbaycanın U-20 oğlanlardan ibarət millisi Avropa çempionatının B divizionunda Slovakiyaya qalib gəldi, U-20 qızlardan ibarət yığma isə Albaniya, Rumıniya və Bosniya və Herseqovina üzərində qələbə qazandı. 

Offsideplus.az xəbər verir ki, mövzu ilə bağlı danışan basketbol mütəxəssisi, baş məşqçi Şəhriyar Əsgərov bildirib ki, Azərbaycan basketbolunun ən uğurlu dövrü 2005–2013-cü illərə təsadüf edib:

“Həmin vaxt İnkişaf Kubokunda, C divizionunda müəyyən qələbələr qazandıq, ilk İslam Həmrəyliyi Oyunlarında çempion olduq. Həmçinin 2012-ci ildə Avropa çempionatının final mərhələsinə vəsiqəni cəmi top fərqi ilə əldən verdik. Bundan sonra isə təxminən 10 ilə yaxın durğunluq yaşandı. Düzdür, bu müddətdə 3x3 basketbolda Avropa Oyunlarında çıxışlarımız, İslam Oyunlarında növbəti qələbəmiz və U-16 millimizin C divizionundakı uğurları oldu. Amma bunlar daha çox epizodik xarakter daşıyırdı”.

Onun sözlərinə görə, hazırda Azərbaycan basketbolunda tamamilə fərqli mənzərə formalaşıb.

“Sevindirici haldır ki, qızlarımızın inkişafı artıq aydın görünür. Həm 3x3 basketbolda, həm də klassik basketbolda B divizionunda iştirak etməyin özü böyük nailiyyətdir. Üstəlik, burada artıq qələbələrimiz və ilk onluğa düşmək kimi uğurlarımız var. Bu nəticələrdə əməyi olan məşqçiləri xüsusi qeyd etmək lazımdır”.

Mütəxəssis U-20 oğlan millisinin Slovakiya üzərindəki qələbəsini qiymətləndirib:

“Bir müddət əvvəl belə nəticələr əldə etmək bizim üçün sadəcə arzu idi. Eyni zamanda, kişi millimizin səfərdə Lüksemburq və İrlandiya üzərində qazandığı qələbələr də aktivimizə yazılan mühüm uğurlardır”.

Əsgərov bildirib ki, hazırda Azərbaycan basketbolunda ciddi nəsil dəyişikliyi gedir və gənc oyunçulara üstünlük verilir.

“Komandamızın ən təcrübəli basketbolçusu Orxan Aydındır. Onun arxasınca isə yeni nəsil gəlir. Artıq 11 yaşdan başlayaraq bütün yaş qruplarında müntəzəm ölkə birincilikləri keçirilir və bu yarışlarda çox istedadlı uşaqlar üzə çıxır”.

Şəhriyar Əsgərov hesab edir ki, son dövrlərdə əldə olunan nəticələr Azərbaycan basketbolunun gələcəyinə nikbin baxmağa əsas verir.

“Qızlarımızın həm klassik basketbolda, həm də 3x3-də qazandığı uğurlar sevindiricidir. İnanıram ki, bu inkişaf davam edəcək və Azərbaycan basketbolu daha böyük nailiyyətlər qazanacaq”, – deyə o qeyd edib.