"Neftçi SOCAR" klubu Yaponiya millisinin sabiq üzvü Aoi Katsuranı transfer edib. 

Offsideplus.az xəbər verir ki, 33 yaşlı qadın basketbolçu karyerası ərzində U18 Asiya çempionatının gümüş medalını qazanıb, U19 dünya çempionatında iştirak edib. O, həmçinin Waseda Universitetinin heyətində Yaponiya universitetlərarası çempionatının qalibi olub və turnirin MVP-si seçilib.

2021-ci ildə Yaponiyanın 3x3.EXE Premier League turnirinin qalibi olan Aoi Katsura mövsümün MVP-si adına da layiq görülüb.

3x3 basketbolda isə Katsura Qadınlar Seriyasının müxtəlif mərhələlərində Düsseldorf ZOOS və Zoos Tokyo komandalarının heyətində çıxış edib. Onun komandası Qadınlar Seriyasını ümumi sıralamada dünyanın ən güclü 5 komandası arasında başa vurub.

Aoi Katsura 2023-cü ildə Bakıda keçirilən Qadınlar Seriyasının qalibi olub. O, həmçinin 2024-cü ildə Manila Hustle 3x3 turnirinin çempionu və MVP-si seçilib.

FIBA tərəfindən 2022-ci il Qadınlar Seriyasında uğurlu çıxışı ilə seçilən Katsura artıq "Neftçi SOCAR"ın heyətində çıxış edəcək.