"Leykers"in superulduzu Lebron Ceyms "Hyuston"la matçdan sonra Kevin Dürentin hansı dövründə ona qarşı müdafiə olunmağın daha çətin olduğu barədə sualı cavablandırıb.
Offsideplus.az xəbər verir ki, o, ulduz basketbolçunun hər zaman yüksək səviyyədə olduğunu bildirib:
"Hər dövrü çətin olub. O, getdikcə daha da yaxşılaşır. Şübhəsiz ki, "Qolden Steyt"dəki versiyası çox dinamik idi. Kley və Stefin yaratdığı daimi təhlükəyə görə ona qarşı bir neçə oyunçu ilə müdafiə oluna bilmirdin. Bu, həqiqətən çox çətin idi.
Eyni vəziyyət 'Bruklin'də də yaşandı. Düzdür, oradakı müddəti az olsa da, Kayri və Ceyms Hardendən dolayı yenə ona qarşı bir neçə nəfər göndərmək imkanın olmurdu. Xal toplamağı bacaran belə böyük bir oyunçuya qarşı tək qalmaq hər zaman çox ağır tapşırıqdır.
Bizim finallarda da döyüşlərimiz olub. Hətta o, gənc olanda – yanındakı Rassel Uestbruk və Ceyms Hardenlə birlikdə belə möhtəşəm idi. Dürent basketbolda hər zaman böyük olub. Ona görə də onun hər dövrü çətindir", – deyə Ceyms fikrini tamamlayıb.
Dürent isə öz növbəsində Lebronun "Mayami"də çıxış etdiyi dövrü ən güclü versiyası kimi fərqləndirib.


