AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXIV turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, verilən qərarlara əsasən, "İmişli", "Qəbələ" və "Neftçi" klubları müxtəlif qayda pozuntularına görə maliyyə sanksiyasına məruz qalıblar.
"İmişli" – "Sabah" matçı bitdikdən sonra meydana kənar şəxslərin daxil olması ev sahibi klubuna baha başa gəlib. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün İmişli təmsilçisi 5000 manat cərimə olunub.
"Qəbələ" – "Neftçi" qarşılaşmasında isə hər iki klub cəzalandırılıb. Meydan sahibləri oyuna gec çıxdıqları və matçın startını ləngitdikləri üçün 3000 manat cərimə ediliblər. "Neftçi"yə kəsilən cəza isə daha ağır olub. Paytaxt klubunun azarkeşləri rəqib futbolçunu kütləvi şəkildə təhqir etdikləri üçün klub 8000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, bu, "ağ-qaralar"ın azarkeşləri tərəfindən cari mövsümdə yol verilən 6-cı analoji haldır.


