“Qələbə qazansaq da, rəqib bizə çətinlik yaratmağı bacardı".

Offsideplus.az xəbər verir ki, bu sözləri  “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının XVII turunda NTD-ə qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb: "Hassani və Klavsın mikrozədələri olduğu üçün bu gün heyətdə yox idilər. Kubok oyunları öncəsi risk etmək istəmədik. Əvəzində digər oyunçularımız daha çox şans qazandılar. Uzun müddətdən sonra heyətə qayıdan Andriinin oyunundan razı qaldım. Müdafiədə yaxşı iş gördü. Hücumların qurulmasında fəal idi. Mövsüm ərzində zədələr və cəza ola bilər. Ona görə də heyətdəki oyunçular həmişə hazır olmalıdır. Oyuna gəlincə NTD çox yaxşı mübarizə apardı.Komandada məşqçi işi hiss olunur. Gərgin oyun alındı”.

Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan matçda "bayquşlar" qalib gəlib - 103:87.