“Uğur qazanmağa köklənmişik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Gəncə”nin amerikalı üzvü Delano Spenser klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O bildirib ki, komandasının qələbəsi üçün əlindən gələni etməyə hazırdır: “Mənim üçün şəxsi göstəricilər yox, komanda önəmlidir. Bütün diqqətimi komandanın qalib gəlməsi üçün nə lazımdırsa etməyə yönəltmişəm. Məşqçilər və oyunçu yoldaşlarım daha çox xal toplamaq üçün mənə imkanlar yaratdılar. İstəyirəm əvvəlki oyunlarda olduğu kimi, çoxlu sayda assist və ribaundlar edim”.
Basketbolçu gələcək hədəflərdən də söz açıb: “Bizi vacib matçlar gözləyir. Hər iki oyunda qalib gəlib gücümüzü göstərməliyik. Yaxşı rəqabətədavamlı komandamız var və bilirik ki, liqada ən yaxşı kollektivlərdən biriyik. Meydana qalib gəlmək üçün çıxacağıq. Bütün diqqətimiz buna yönəlib. Biz hər iki görüşdə qələbə qazanmaq gücündəyik. Bununla azarkeşlərimizə müsbət enerji ötürə bilərik. Onlar buna layiqdirlər. Azarkeşlər bizi evdə və səfərdə dəstəkləyirlər, istəyirik ki, Gəncə bizimlə fəxr etsin”.


