“​Neftçi”nin baş məşqçisi Vitali Stepanovski “Abşeron Lions”la oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini qeyd edərək azarkeşlərə təşəkkür edib:

“Bu gün bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Oyunun çətin olacağını bilirdik. Qarşımıza qoyulan əsas tapşırıqlar aydın idi – rəqibin sürətli hücumlarının qarşısını almaq və təkbətək mübarizələrə hazır olmaq.”

Stepanovski ikinci hissədə buraxılan səhvlərin oyunun gedişatına təsir etdiyini bildirib:

“Təəssüf ki, ikinci hissədə yol verdiyimiz səhvlər rəqibə üstünlük qazanmaq imkanı yaratdı.”

Fasilədən sonra edilən dəyişikliklərə də toxunan baş məşqçi bunları deyib:

“Lazımı düzəlişlər etdik, müdafiədə müxtəlif qarışıq variantlardan istifadə etdik, hücumda isə oyunçu kombinasiyalarını dəyişdik. Bu dəyişikliklər öz bəhrəsini verdi və oyunun son dəqiqələrində qələbəyə çox yaxın olduq.”

Komandanın xarakter göstərdiyini vurğulayan Stepanovski futbolçularına təşəkkür edib:

“İkinci hissədə komanda xarakter nümayiş etdirdi və buna görə oyunçularıma minnətdaram.”

Bununla belə, mütəxəssis diqqət məsələsinə xüsusi vurğu edib:

“Bu səviyyəli oyunlarda bir anlıq diqqətsizlik belə yolverilməzdir. Bütün 40 dəqiqə ərzində maksimum konsentrasiya vacibdir.”

Sonda isə Stepanovski komandanın qarşıdakı oyuna kökləndiyini bildirib:

“İndi bütün diqqətimizi növbəti qarşılaşmalara yönəltmişik və ‘Sabah’la vacib oyuna hazırlaşırıq.”