"Bakı gözəlliyi ilə məni təəccübləndirdi".
Offsideplus.az xəbər verir ki, bunu "Şəki"nin sabiq basketbolçusu Samir Styuart deyib. O, Azərbaycandan ayrıldıqdan sonra ölkəmiz, yerli çempionat (ABL) və karyerası ilə bağlı maraqlı açıqlamalar verib.
Amerikalı legioner etiraf edib ki, bura gəlməzdən əvvəl ölkəmiz haqqında məlumatı olmayıb:
"İlk olaraq qeyd etmək istərdim ki, əvvəllər Azərbaycan adlı ölkə haqqında məlumatım yox idi. Lakin gəldikdən sonra gördüm ki, Bakı olduqca gözəl və müasir bir şəhərdir. Öz arxitekturası və ruhu ilə mənə ABŞ-ın Çikaqo şəhərini xatırladır".
Azərbaycan Basketbol Liqasının (ABL) səviyyəsini dəyərləndirən Styuart, liqada iddialı klubların olduğunu vurğulayıb:
"Liqada yüksək büdcəyə və həm legionerlərdən, həm də yerli oyunçulardan ibarət güclü heyətlərə sahib komandalar var. 'Sabah' və 'Abşeron Layns' kimi klublar buna bariz nümunədir. Təəssüf edirəm ki, zədə səbəbindən bu maraqlı mübarizəni sonadək davam etdirə bilmədim".
Sabiq kapitan "Şəki"dəki günlərini xoş xatirələrlə yad edib:
"Digər klublarla müqayisədə məşqçi heyətinin azlığı müəyyən çətinliklər yaratsa da, baş məşqçimizlə basketbol mövzusunda apardığımız müzakirələr aramızda səmimi və peşəkar bağ yaratdı. Komanda yoldaşlarımla da əlaqələrimiz çox yaxşı idi. Mənə göstərilən etimada görə həm kluba, həm də ABL rəhbərliyinə təşəkkür edirəm".
Daha əvvəl Polşa və Bosniya və Herseqovina çempionatlarında çıxış edən Styuart, Azərbaycandakı adaptasiya müddətindən də danışıb:
"Basketbol hər yerdə eyni qaydalarla oynanılır, ona görə də meydançada uyğunlaşmaq mənim üçün çətin olmadı. Əsas çətinlik basketbolla yox, şəxsi həyatla bağlı idi. ABŞ-dakı yaxınlarımla aramızda olan 9–10 saatlıq vaxt fərqi ünsiyyət qurmağı xeyli çətinləşdirirdi".
Xatırladaq ki, S. Styuart mövsümün ortasında aldığı ciddi zədə səbəbindən "Şəki" klubu ilə yollarını ayırmalı olmuşdu.


